V E R İ L İ Ş L Ə R İ M İ Z- e l a n
Bizə yazanlar biz sizi axtaracaq verilişlərimizə qonaq çağıracağıq… bax elə ona görə də siz bizə yazarkən əlaqə telefonlarınızı və tərcümeyi-halınızı yazmağı unutmayın
Məlik AĞA

Niyə bilmədim
İndi sənsizlikdə əsir kimiyəm.
Darıxıram sənin üçün çox darıxıram.
O sənli günləri, xatirələri
Salıb yadıma həsrət ovuduram.
Ayrılıb getdin, unutdun məni
Mən sənin kimi ola bilmədim.
Sən hansısa evdə qonaqsan indi.
Düşündükcə səni, bivəfa gülüm
Qəm, kədər qəlbimi alır qoynuna
Bir vaxtlar məni sevindirən üzün
İndi bir bəla dərd olub mənə.
Bir gün, sevgilim, geriyə dönsən,
Sağalmayacaq ki, vurduğun yara.
Gəldiyin yerə get deyəcəyəm.
Sevsəm də səni, sevməsəm də mən
Səni unutsam da unutmasam da
Sənli günlərdən doymasam da mən
Qorxuram sevgimə, təmiz eşqimə
Xayin çıxarsan sevgilim yenə
Mən sənin kimi ola bilmədim,
Niyə mənlə yollaşmadın yola bilmədim.
Bu bəxtdi?.. talehdi?.. yazıdır məgər?
Yoxsa günahkar bizik bilə-bilmədim
Mən sənin kimi ola bilmədim…
- bilmədim… bilmədim… niyə bilmədim.
ROMA XOSROV

ALLAH BU GÖZƏLİ NECƏ YARATDIN
Bir kəlmə söz desə ürək dayanar,
Allah bu gözəli necə yaratdın.
Toxunsa bir ömür ömrün uzanar,
Allah bu gözəli necə yaratdın.
Təbibin müqəddəs nişanəsidi,
Dağların inləyən şəlaləsidi,
Xəstənin dərmansız bir çarəsidi,
Allah bu gözəli necə yaratdın.
Sevgidən yoğrulub sanki mayası,
Təbii gözəldi yoxdu boyası,
Üzündən bilinir arı, həyası,
Allah bu gözəli necə yaratdın.
Dünyaya hava tək, su tək gərəkdi,
Göydən yerə enmiş nəcib mələkdi,
Qoxusu ətirli güldü, çiçəkdi,
Allah bu gözəli necə yaratdın.
Ay görsə günəşin üzünə baxmaz,
Ulduzlar səmaya bir daha çıxmaz,
Çaylar da quruyar dənizə axmaz,
Allah bu gözəli necə yaratdın.
Ox kimi düzülüb kipriyi, qaşı,
Səhv salar saçını ipəkdən naşı,
Gözləri gecənin əkiz sirdaşı,
Allah bu gözəli necə yaratdın.
Elməddin Mətləbov
Məmməd İsmayılın 70 illiyinə

Ürək! Niyə belə gileylisən vaxt əlindən?
Əvvəl-axır alacaqdır döyüntünü
vaxt əlindən…
Ümman oldu axıtdığın bu göz yaşı,
Zaman-külək,
Ömür-qayıq,
Sahil isə məzar daşı!
Nə qazanır qocalığa səbəb olan cavan illər,
İnsan ömrün beşiyindən
məzarına qovan illər?
Gəlişiylə dağı-daşı tərpətməyən,
Binaları addımbaşı tərpətməyən,
Gecə-gündüz əsən külək, külək deyil!
Mənə qalsa, əcəlindən qorxan ürək,
ürək deyil!
Min hiylənin gizləndiyi
insanların ucalmağı çox ağırdı,
Ləyaqətli ömürlərin
qocalmağı çox ağırdı!
Zaman ala xeyri-şəri ayırmayan kəsin ömrün,
Əyrini düz, həqiqəti yalan sayan kəsin ömrün!
Mən şərəfli olmayacaq ömrü
qəti istəmirəm
Mənə zaman gətirəcək o şöhrəti istəmirəm!
Mən zamanın belə işıq sürətilə
axmasından gileyliyəm,
Dahilərin alnındakı qırışlara
Kinayəli baxmasından gileyliyəm!
Hər ürəkdə bir arzu var;
Kimi şöhrət arzusunda,
Kimi hörmət arzusunda,
Kimi vətən, kimi həyat,
ya var-dövlət arzusunda…
Nə var-dövlət hərisiyəm,
Nə şan-şöhrət dəlisiyəm,
Gənc ömrümü atam gərək gah oda mən,
gah suya mən,
Kaş zamanı verə biləm yuxuya mən!…
Elvin Bakiroğlu

MÜŞFİQİN ÖZÜYÜK
Gəl, qəlb dilə gəldi, duyğular dindi,
Gör neçə zamanı vermişik hədər.
Onda bir Müşviqdi, desinlər indi,
Bir Vasif Qərib var, bir Elvin Kədər.
(Vasif Qərib)
Bu şeir necə də yerinə düşdü,
Ürəyim heç nədən nəsə yaratdı.
Fərqi yox beş bənddi, yoxsa ki, üçdü,
Hər bəndi könlümdə xəmsə yaratdı.
Qələmim sınsa da yenə bitişər,
Sınan qəlb olmasın, ürək olmasın.
Ürəyim söz tutar, sözüm yetişər,
Təki daş olmasın, kəsək olmasın.
Çıxsa da yoluma çoxlu daş-kəsək,
Bir qərib küləyi aparacaqdır.
Şeirə bağlanıb sözə can desək,
Kim bizi bu yoldan qoparacaqdır?
Yandı ürəyimdə sönən qığılcım,
Ilhamım işığın seyrinə gəldi.
Qalxdı zirvələrə şeir qılıncım,
Yaratmaq həvəsim yerinə gəldi.
Gah Qərib, gah Kədər desən susarsan,
Bu adla acizik bu həyatda biz.
Nə mən dayanaram, nə sən susarsan,
Müşviqin özüyük şeriyatda biz.
Seyid Ramin

Bu dünyanın…
Elə görüm bu dünyanın,
Şamı yanıb, şama dönsün.
Can verəndə nəfəsinin
Küləyindən şamı sönsün.
Elə görüm ki, bu dünya,
Öz yoxluğunda var olsun.
Daim sükuta qərq olub,
Sükut səsindən kar olsun.
Görüm dünyanın başına,
Özü boyda bir daş düşsün.
Qədərində düşsün nə bərk,
Nə də yavaş-yavaş düşsün.
Dünya it gününə qalıb
İt kimi quyruq bulasın.
Qurdla qiyamətə qalıb
Qiyamətəcən ulasın.
Səlim Babulaoğlu

İşdi sən Onu yalnış ad ilə çağırsan
İşdi sən Onu yalnış ad ilə çağırsan,
çağırsan sən Onu yalnış ad ilə, bağırsan;
nifrətin böyütsə səndən uzağa səmt alan səsini,
səndən uzağa səmt alan səs qədər böyüsə nifrətin
deməli: əvvəla, çöldəsən-açıq havada və səsin sürəti
öz şəffaf yükünü asanca gəzdririr, əks-səda yoxdursa
deməli qarşıda dağ yox, dəniz var çox güman, ya da ki, okean,
okean, dalğalar, dalğalar, köpüklü dalğalar,
köpüklü dalğalar, dalğalar, dalğalar,okean;
ikinci: O mütləq dönəcək geriyə, dönəcək ;
üçüncü; Onu sən (!) çağırdın;
dördüncü : Onu sən yalnış (!) ad ilə çağırdın;
beşinci-altıncı-yeddinci : O mütləq geriyə dönəcək yalnış ad ilə,
özgə görkəmdə; və qəfil- yəni ki, sən özün geriyə dönəndə
arxadan qucacaq, sonra da yıxacaq evini şıltaq xanımtək…
İşdi O gəlsə, bil ki, onu sən çağırdın, sən Onu yalnış ad ilə çağırdın…
Habil Yaşar

Çəkirik.
Bu dünyada kim nə bilir,kim nə çəkir,
Bilinməzi kimsə bilməz,kimsə çəkir,
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil,dərd çəkirik.
Bu dünyada insanlığın üzü qara,
Üç sözünün ikisi ağ,üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb,xətt çəkirik.
Bu dünyada kim deyir ki,azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.
Namiq Hacıheydərli

Yaman bənzəyirəm Azərbaycana
Xoş günüm min günlük əzabdan doğur,
Heç nəyi havayı qazanmamışam.
Bir damla sevinci qazanmaq üçün,
Alnımdan yüz damla tər axıtmışam.
Çörəyə çatınca, Allah bilir ki,
Günlərlə çörəksiz, susuz qalmışam.
Təsəlli verməyə kimsəm olmayıb,
Ah çəkib könlümü özüm almışam.
İsti yay günündə, şaxtalı qışda
İllərlə cığırda, yolda qalmışam.
Maşına verməyə pul olmayanda,
Günlərlə piyada addımlamışam.
Ruhdan düşməmişəm, fəqət, heç zaman
Sabaha inamım tutub əlimdən.
Nə qədər tufandan keçsəm də yenə,
Bir kərə çıxmadı giley dilimdən.
Hər gün yeni-yeni dərdi, əzabı
Tanrının payı tək nuş etdim cana.
əzablı, göynəkli taleyim ilə
yaman bənzəyirəm Azərbaycana.
Nəcibə İlkin

Dözmürəm soyuqluğuna
Nədəndi bu qədər soyuqsan mənə.
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
Yoxsa sözlərin də sənə yad oldu?
Bəlkə günahkaram, bəlkə suçunam?
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam,
Nə zaman çağırsan gəlləm hayına.
Sənli yuxular da şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət şürüşüb,
Həsrətin bəmbəyaz ilqarı kimi.
Payız libasında çiçəkli yazam.
Nağıla dönmüşəm qış gecəsində.
Bu eşqin önündə qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.
Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam.
Qınama, məni də yorub bəlkələr,
Özümlə-özümü çox aldatmışam.
Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.
Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi,
Mən də ki, dözmürəm soyuqluğuna.
Sima Ənnağı

Gecə… şəhər…
Qaranlıq küçə ilə gedirəm.
Hamı evlərə çəkilib,
Bir hənirti yox.
Zülmət
Bataqlıqtək
Çəkir məni özünə,
Əritmək istəyir içində
Ətrafdakı binalar və fənərlərtək…
Zülmətin soyuq nəfəsi
“getməəə…dayyyannn…” pıçıldayır,
Fərqinə varmıram,
Qatı gecə pərdəsini yarıb
Işığa can atıram.
Şaxtalı külək
Boğur məni
Zalım aşiqtək,
Yol isə qurtarmır,
Heyrət…
Fənərlər
Kimsəsiz addımların şahidi,
Kölgələr – sahibsiz.
Boğazımda tıxanmış səsimlə
Hayqırmaq keçir içimdən: -
Bu küçə,
Bu şəhər
Mənimmi?!

