wWw.edebiyyat.Tk

siz bizi www.radioedebiyyat.com saytında izləyə bilərsiniz

XƏYALƏ SEVİL

XEYALE SEVIL

Gün çıxdı qəfildən

Gün çıxdı qəfildən
Gözlərimi əritdi,
Gözlərim yaşa çıxdı.
Hanı dünyanın adamı?!
Ha uzatdım əllərimi
Əllərim boşa çıxdı.

Allahın fağır taleyi
Mən yazığa yiyələndi…
Ürəyimdə yer verdiyim
Ürəyimi bəyənmədi,
Başa çıxdı.

Elə bağlanıb ki, bu bəxt,
Çətin bir də açıla.
Qara günün əlindən
Axır qapqara olacam.
Bir də baxıb görəcəklər
Qaranlıqda yoxa çıxdım.

Atamın cavanlığı

“ Atam hələ cavandı,
Bir az saçları qocalıb.
Çiynində yük daşımaqdan
Boyu-buxunu alçalıb.
Atam hələ cavandı “
Desəm, inanmayın siz.
Atam daha cavan deyil,
Üzünün qırışları
Hörümçək toru kimi,
Baxıram gözüm torlanır,
Cavanca üzüm arlanır.
O adam, bu adamdımı?!
O atam, bu atamdımı?!
Doğdu, törədi illər,
Yurd deyil kirədi illər,
Bir küncə dirədi illər
Atamın cavanlığını.
Ömrün-günün
Qayğısına büründü,
Qayğıları saçındakı
Dənə düşdü.
Balaları arasıda bölündü,
Bir azı qardaşıma,
Bir azı da mənə düşdü
Atamın cavanlığının.

27/06/2009 Posted by | seir | Yorum yapın

YEGANƏ

Yegane

Bu ağacı haçan kəsiblər görən?

Bu ağacı haçan kəsiblər görən?
Yerində bir quru kötük qalıbdı.
O kötüklə birgə “xatirə”adlı
Əvəzi tapilmaz itik qalıbdı.

Bu ağacı haçan kəsiblər görən?
Qol-budaqlarından əsər qalmayıb,
Elə bil heç burda ağac olmayıb…
Yanından necə də sakit keçirlər,
Hələ altındakı sərin bulaqdan
Əyilib doyunca su da içirlər.
Başını qaldırıb düşünən yox ki,
Bir az öncə burda ağac olubdu.
Bir vaxt həmin ağac iki ürəyin
Görüş həsrətinə əlac olubdu…

Görən bu ağacı kim belə kəsib,
Kəsməyə nə yaman belə tələsib?
Əli necə gəlib balta vurmağa?
Necə olub xatirələr canına
Vəlvələ salaraq əl saxlatmayıb?
O mürgülü həsrət qalxıb yeridən
Bu ağacın harayına çatmayıb…

Bu ağacı haçan kəsiblər görən?
Bəlkə də bir güclü külək yıxıbdı?
Sonra da sürüyüb aparıbdılar…
Bəlkə də…lap elə fələk yıxıbdı?…
Yıxıbdı,amansız xatirələrin
Ümidnə qalan bir məhəbbəti.
Bir yolluq kökündən qoparmaq üçün,
Yerli-dibli çəkib aparmaq üçün!…

Səndən ayrılmağa nə varıydı ki?…

Səndən ayrılmağa nə varıydı ki?…
Bircə həsrətini ovutmaq olmur.
Od tutub qaralmış xatirələri
Bir layla altında uyutmaq olmur.

Elə hey söhbətin gedir yanımda,
Adını çəkirlər elə hər yandan.
Şübhə yaratmamaq üçün özüm də
Danışıb-gülürəm elə yalandan.

Hər yeni nəğmənin sədası ilə,
Təzədən qəlbimə axıb gegirsən.
Bəzən rastlaşanda dönüb üzümə
Tanımırmış kimi baxıb gedirsən.

Bu qədər şəkilməz həsrət içində,
Qəlbimdən çıxarım mən səni necə?…
Bəs etmirmiş kimi xatirələrin,
Yuxuma girirsən elə hər gecə.

Başımı götürüb sənin əlindən,
Bu şəhərdən hara itməliyəm mən?!…
Üstəlik qaldığın evin önündən
Hər gün keçib dərsə getməliyəm mən…

27/06/2009 Posted by | seir | Yorum yapın

HABİL YAŞAR

HABİL YASAR

ALLAH.

Bu bahar ömrümə bir sazaq düşüb,
Qışmı yaşayıram?baharmı Allah?
Ayrıldıq araya bir ocaq düşüb,
Mənmi alışıram?o yarmı Allah?

Özüm öz içimdə əriyən mənəm,
Ağlayıb,sızlayıb,göynəyən mənəm,
Min yükü çiynimə götürən mənəm,
Haqmı daşıyıram?nahaqmı Allah?

Səhərin dan yeri açılan deyil,
Yoluma bir işıq saçılan deyil,
Yazılan yazılıb pozulan deyil,
Ağmı yaşayıra?qaramı Allah?

Elə bir yerdəyəm gəl apar mən,
Tikansız bir güləm dər qopar məni,
Haraya getsəmdə dərd tapar məni,
Dərdmi xoşlayıram?vüqarmı Allah?

Həsrətin əlindən əldən düşmüşəm,
Ağızdan düşmüşəm,dildən düşmüşəm,
Deyəsən mən yerə göydən düşmüşəm,
Düzmü danışıram?yalanmı Allah?

2008

YUXULAR

Yuxular həqiqət olsaydı əgər,
Arzular,xəyallar gərəksizləşər,
Bir heçə dönərək məhv olacaqdı
Insan yuxularla yaşayacaqdı.

Kiminin yuxusu sevinc dolusu,
Bir deyil,min dəfə görmək arzusu,
Onun ürəyinə taxt salacaqdı
Insan yuxulara aldanacaqdı.

Kiminin yuxusu həsrət qoxulu,
Həyatın özütək oda qorxulu,
Bir daha yuxular görməsin deyə
O nifrət edərdi yuxu görməyə.

Yuxular qəribə xoş,dəhşət kimi,
Biz onu görürük həqiqət kimi.
Yuxunu həqiqət sandığımızdan,
Onu axtarırıq zamanbazaman,

Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız,bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.

27/06/2009 Posted by | seir | Yorum yapın

ZÜMRÜD YAĞMUR

Özünün özü…

1b61.gif

Ürək bulantısından yaşayışı cəhənnəmə dönmüşdü, yediyi-içdiyini bilmirdi, bomboz olmuş üzündə həyatdan əlamət yoxdur, qapqara qaralıb torbalanmış gözlərinin altı elə bil hər saniyə dağılıb töküləcəkdi. Gözlərindəki bulantısa bir-birinə qarışmış içini daha da bulaşdırırdı, güzgüdə üzünü görməmək üçün hər dəfə tələsik yuyunub çıxdığı vanna otağından sonra özünü divana yıxanda rahatlamaq arzusu ürəyində qalırdı. Ürəyi bulanırdı, içini bir-birinə qarışdıra-qarışdıra ara vermədən elə hey bulanırdı.
Gözlərini açanda özünü yenə divanda görüb qanı qaraldı, yenə ürəyi bulanırdı, zorla qalxıb mətbəxə keçdi, bir şey yeyə bilmirdi, aclıq da onu əldən salmışdı, çaydanı oda qoyub oturmaq istədi, amma dəhşətli bulantı imkan vermədi, özünü güclə vanna otağına çatdırıb əl-üz yuyana əyildi.
Sakitləşib özünə gələndə sanki yenidən doğulmuşdu, hər şey birdən-birə başladığı kimi birdən də qurtarmışdı, üzünü yumaq istədi, amma əl-üz yuyanda gördüyündən diksinib iyrəndi, dikəlib qorxa-qorxa qapqara, selikli yumru kütləyə baxıb bu parçanın onun içindən düşdüyünü anlayıb azca geri çəkildi, tükləri tikan-tikan olmuşdu, gözlərini qara kütlədən çəkmək istədisə ondakı hərəkəti sezib çaşqınlıq içində dondu. Gözləri qarşısında kimsənin inanınb ciddi qəbul etməyəcəyi hadisə baş verirdi, qara kütlə canlanıb yavaş-yavaş iriləndi, böyüyüb əl-üz yuyandan daşıb töküldü, daş döşəməyə dağılıb tədricən dikəldi… Və onun özünə bənzər birinə çevrildi…
Gözləri hədəqəsindən çıxmış kimi nə baş verdiyini anlamırdı, keyiyib durduğu yerdəcə donub qalmışdı, o iyrənc, qara selikli kütlə özünə oxşar birinə çevrilib onun qarşısında durmuşdu, eynən özü idi, əlləri, bomboz sifət, bulanıq gözlər… Kişi geri çəkilib dönmək istədi, amma öz səsinin özünə bənzər adamın boğazından ağzına dolub onun qulaqlarına necə çatdığını hiss edəndə bütün bunların bir yuxu olmadığını dərk etdi və bütün bədəni titrədi. Ürək bulantısı keçsə də, qara, iyrənc küilənin özünə çevrilməsindən içinə dolan ikrahdan dişlərini bir-birinə sıxıb astaca və qorxa-qorxa başını geri çevirdi. Səhv etməmişdi, özü qarşısında dayanmışdı…
İkisi üz-üzə oturmuşdu, mətbəxdə çaydan qaynayırdı, amma kişi yerində qımıldanmadı, özünə bənzər adamsa arxayın görünürdü, qalxıb mətbəxə keçdi, çaydanın altını söndürdü və kişi eşitdiyi qab-qacaq səsindən adamın səhər süfrəsi hazırladığıqı anlayıb özünü zorla ayağa qaldırırmış kimi çətinliklə qalxdı, asta-asta mətbəxə keçdi, adam süfrəni hazırlayıb oturmuşdu, onun üçün süzülmüş çaydan qalxan ətir neçə gündən bəri ac olan mədəsini qıcıqlandırdı, astaca əyləşib çaydan bir udum aldı, yeyib doyandan sonra bayaqdan qaldırmağa cəsarət etmədiyi nəzərlərini adama dikdi. Eynən özü idi, bu düşüncədən əvvəlki ikrahı hiss etmədiyinə təəccübləndi, amma nə isə soruşmağa cəsarət etmədi.
- Mən sənəm, özün, eynən sən, indi birlikdə yapayacağıq, indiyə qədər sənin içindəydim, indisə birlikdə… fərq budur, vəssalam! – adam qalxıb gülümsündü, arxayıncasına otağa keçib geyindiyi paltarları bir də nəzərdən keçirdi və kişi qapının açarının şaqqıltısından onun bayıra çıxdığını anladı.
Kişi gecə düşənə qədər gözlədi, başını stola qoyub yuxuladı, ancaq az sonra qapının səsinə oyandı. gələn adam idi, qucağında bükülü nəsə vardı, arxayın-arxayın divana yaxınlaşıb əlindəkini ora qoydu, mətbəxə keçib yenə uzun-uzadı qabları taqqıldatdı. Qayıdanda gözlərindəki bulanıqlığın vəhşi bir parıltı ilə əvəz olunduğunu kişi sezdi, onu izləyib ürkək-ürkək bundan sonra nə edəcəyini səbirlə gözləməyə başladı. Adam divana qoyduğuna yaxınlaşıb bükülünü açdı və kişinin səhərdən qabarıb elə tikan kimi durmuş tükləri elə bil daha da qabarıb sərtləşdi. Bükülüdəki körpə idi, özü də soyuqdan gömgöy olmuşdu, nazlı qollarını o tərəf-bu tərəfə atıb çığırmağa başladı. Adam səbrlə onu təkrar büküb vecsiz əşya kimi kənara itələdi. Televizorun səsini ucaldıb tamaşa etməyə başladı. Kişi hələ də nə baş verdiyini anlamasa da, televizorun uca səsinə qarışmış çığırtını eşidirdi, körpə aramsız ağlayırdı və kişi qalxıb mətbəxə keçdi, əlində südlə qayıdıb körpəyə yaxınlaşdı, üstünü açdı, uşağın üzünə baxmamağa çalışaraq süd dolu qaşığı onun dodaqlarına yaxınlaşdırdı.
Körpə yeyib doyandan sonra sakitləşmişdi, kişi onun əlləri ilə oynamasına uzaqdan tamaşa edə-edə hələ də divanda oturub mürgü vuran adamdan bu körpənin burda nə işi olduğunu, kimliyini soruşmağa cəsarət etmirdi. O heç bu adamın kim olduğunu bilmirdi, eynən onun bənzəri, neçə gündən bəri içini bir-birinə qarışdıran o qara kütlədən yaranan özü, içindən çıxıb qopan özü… Bunları düşünüb ehtiyatla o biri otağa keçib qapını arxadan kilitləyib bərk yuxuya getdi.
Səhər tezdən körpənin səsinə oyandı, əvvəl heç nə dərk etməyib döyükdü, sonra hər şeyi xatırlayıb o biri otaqdakı “özündən” qorxduğu üçün qapısını kilitləyib yatdığı otaqdan çıxdı. Adam otaqda yox idi, sevindi, deyəsən hər şey yuxu imiş, körpə də yox idi, ürəyi də bulanmırdı, otaq da həminki idi. Vanna otağına keçib qorxa-qorxa əl-üz yuyana yaxınlaşdı, tərtəmiz idi, heç nə yoxdu, güzgüyə baxıb özünü gümrah gördü, dərindən köks ötürüb soyuq suyu ləzzətlə üzünə çırpıb yuyundu. Səhər yeməyindən sonra geyinib həyətə düşdü, özünü yaxşı hiss etdiyindən xeyli gəzinib ürəyi istədiklərini alıb evə qayıtdı. Günorta yeməyindən sonra televizora baxmaq üçün divana oturdu və elə orada da dərin yuxuya getdi.
Onu oyandıran səsi eşitdiyinə inanmamaq üçün bir xeyli yuxuda olduğunu düşündü, amma adam divana yaxınlaşıb körpəni divana qoyanda hər şeyin real olduğunu anlayıb dik atıldı. Adam özünə bənzər sifəti ilə onun qarşısında durmuşdu və onun özü olan birinin mövcudluğunu artıq qəbul etməkdən başqa çarəsi olmadığını başa düşərək daş kimi ağırlaşmış başını körpəyə çevirdi. Körpədən qalxan kəskin iydən yenidən ürəyi bulandı, özü olan adama baxıb onun nə isə deyəcəyini gözlədi, adamsa onunla danışmağa həvəs göstərmədən vanna otağına keçib qapını açıq buraxdı. Kişi su şırıltısından onun yuyunduğunu anlayıb sakitcə qalxıb qapıdan gizlincə içəri boylandı və gördüyündən diksinib az qala yerindən çıxan ürəyini əli ilə ovxalayıb divana söykəndi. Arxadan “o” olan adam güzgüdə selikli, qara iyrənc kütlə kimi görünürdü, eynən onun ağzından əl-üz yuyanın içinə düşmüş o eybəcər kütlə kimi… Kişi səksənib sürətlə dəhlizə keçdi, güzgünün qarşısına keçib üzünə baxdı, yox özü elə əvvəlki idi, sakitləşib əlini üzünə çəkdi, “o” olan adamın üzünü xatırlayıb başını əlləri arasına alıb əyildi. Nə baş verdiyini düşünməyə dəyməzdi, o özü ilə qarşı-qarşıya idi və bu qaçılmaz idi, ondan yaxasını qurtarmaq da mümkün deyildi, “o” özü olan adam indi də onunla birlikdə yaşamaq qərarına gəlmişdi, niyə, onu özünə göstərirdi, yaxud o özünü gizlətmişdi?
Səhər erkən qalxdı. Adam da qalxmışdı, kişi gizlincə ona göz qoyurdu, axşamdan kiriməyən körpəni qoltuğuna vurub qapıdan çıxan kimi kişi də onu izləməyə başladı.
Şəhərin ucqarında çirkli bir binaya girən adam yarı qaranlıq dəhlizdən keçib səsli-küylü geniş zala girdi, yarısərxoş bir qadına yaxınlaşıb uşağı əşya kimi onun qucağına tulladı. Qadın uşağı alıb onu yanındakı qıza verib nə isə tapşırdı, içərdən üfunət iyi gəlirdi və kişi burda nə qədər çox adam olduğuna heyrətlə baxıb gizlinə “özünü” axtardı. Adam qadının birini dizi üstünə alıb outrmuşdu, bərkdən gülüb əlindəki stəkanı tez-tez başına çəkirdi. Bayaqkı sərxoş qadın da körpəni alıb yanına qoydu, sonra stollardan birinin üstünü boşaldıb körpəni onun üstünə qoyub üstündəki örtüyü açdı, körpə çılpaq idi, əl-qol atıb ağlayırdı, amma zaldakı səs-küydən kimsə onu eşitmirdi, hərdən körpəyə yaxınlaşıb əlindəki stəkanı onun ağzına yaxınlaşdırıb içirməyə çalışanların əlində göyərənə qədər çığıran körpənin öləcəyini zənn edən kişi dözə bilməyib oradan uzaqlaşdı.
Axşam düşürdü. Kişi taqətsiz halda divanda oturub hərəkətsiz qalmışdı. Adamın gəlməsini gözləyirdi, qəzəbindən titrəyən əllərini dizlərinə sıxıb yarıqaranlıq otaqda səssizcə oturmuşdu. Qapının səsirnə başını qaldırdı, adam yerə arxayın-arxayın ona yaxınlaşıb körpəni divana qoydu. Uşağın sakitliyinə təəccübləndi, əlini uzadıb örtüyü qaldırdı, körpə hərəkətsiz, gömgöy idi, acısı üzündə donmuşdu, kiçik əllərisə sinəsinə sıxılmışdı. O qədər aciz və ürəkparçalayan idi ki, kişi isti göz yaşının sifətinə süzülməsinə əngəl ola bilmədi.
Körpə ölmüşdü…
Kişi qalxıb mətbəxə keçdi, adam yenə yeyirdi, ondan üfunət iyi qalxırdı, kişi iri bıçağı götürüb qəzəblə dişlərini bir-birinə sıxdı.
- Yavaş, məni öldürmək istəyirsən? Yavaş-yavaş, hələ dayan bir… Mən dedim axı, sənin özünəm, özün, anladın! Özünü öldürmək istəyirsən, boşuna əlləşmə, sən öləndən sonra da mən olacam, mən əmələm çünki, sənin əməllərin… Niyə qəzəblənmisən? O körpəyə görə… Düşünürsən ki, o müqəddəs idi, günahsız idi, ona toxunmaq olmazdı, dünyanın gələcəyidir, hə? Buna görə hə, bir də yazığın gəlirdi… Bəs bu gün səhər niyə o iyrəndiyin, sənə dəhşətli görünən yerdən qaçanda özünlə götürmədin onu, qorxdun, cəsarətin çatmadı? Səni görürdüm, sənəm mən. Mən, sən deyiləsi adam da yoxdu, biz birik. Ürəyin bulanırdı, ətrafda baş verənlərdən iyrənirdin, amma içində də o iyrəndiyi n eybəcərliklərdən var, heç təəccüblənib eləmə, yenə unudursan ki, mən sənəm. İyrəndiyini qaytardın, amma yenə xilas ola bilmədin, özündən xilas olmaq olar?! O körpədə də müqəddəs, günahsız deyiləsi bir şey yoxdur, sən elə bilirsən ki, günahsızdı, mənsə elə düşünmürəm, anlamırsan, onda deyim. Mən də bir vaxtlar körpə olmuşam, tərtəmizdim, amma sən məni murdarlayıb bax o körpə kimi öldürdün, mən də sənə o körpə ilə öz cinayətini göstərdim. Mən hələ sənin içində olanda mənim müqəddəs hesab etdiyi neçə-neçə şeyi məhv etmisən, sonra mən də alışdım, alışdırdın, hamı belədi, hər yerdə də belədi… Boşuna qəzəblənirsən, o körpəyə görə də fikir çəkmə, sabah bir yer tapıb basdırarıq, mənə kömək edərsən, mən içində basdırdıqlarına həmişə yardım etmişəm, unutma, mənə borclusan…
Kişi geri dönüb otağın ortasında dayandı, sonra ayaqlarını sürüyə-sürüyə pəncərəyə yaxınlaşıb onu açdı, divarın üstünə qalxıb aşağı baxdı, özünü boşluğa buraxdı və son anda eşitdiyi asfalta dəyən bədəninin tappıltısı oldu. “Özü” olan o adamsa mətbəxdə yenə qabları taqqıldadırdı.

25/06/2009 Posted by | hekayə | Yorum yapın

İLQAR QULUBƏYLİ

ILQAR QULUBEYLI

YETİM YALQIZ ŞEİRİMDƏN
İSMƏTLİ QIZ ŞEİRİMDƏN
MƏNİM CİLZ ŞEİRİMDƏN
YÜZÜ HƏVƏSƏ DÜŞDÜ

YAŞAMADİQ SAĞ ÖLDÜK
ŞÜKÜR ÜZÜ AĞ ÖLDÜK
ÖMÜRDƏN QABAQ ÖLDÜK
YOLUMUZ KƏSƏ DÜŞDÜ

AC GÖZ TƏK QAMARLADIM
BOYNUNU TUMARLADIM
GECƏ DƏRDİ ZORLADIM
İŞİM POLİSƏ DÜŞDÜ

******************
BULAQ YERİN GÖZÜDÜ
YER BULAQDAN AĞLAYIR
DƏRDLƏRİ İÇİNDƏDİ
BULAQLAR SİRR SAXLAYİR

BU YERİN GÖZ YAŞLARİ
NƏ VAXTSA QURUYACAQ
GÖRƏSƏN NƏVAXT YER
AĞLAMAQDAN DOYACAQ

QURUMASİN BULAQLAR
İNSANLAR SUSUZ QALAR
ƏGƏR QURUSA BULAQ
BU TORPAQ GÖZSÜZ QALAR

********************
GÜL ÇİÇƏK YASA BATIB
GÜLLƏR SƏHƏR AGLAYİR
AXŞAM TƏZƏ GƏLİN TƏK
ÜZ GÖZÜNÜ BAĞLAYİR

BÜLBÜLLƏRDƏN XƏBƏRSİZ
GÜLƏ KÖNÜL AÇMIŞAM
MƏN ÖMÜR SAVAŞINDA
GÜLƏ DOĞRU QAÇMIŞAM

HƏYATDAN TEZCƏ DOYUB
ÖMRÜ QISA GEDİRLƏR
GÜLLƏR İKİ ÜZLÜDÜR
TOYA YASA GEDİRLƏR

25/06/2009 Posted by | seir | Yorum yapın

MƏLİK AĞA

melik aga

Al canımı

Onsuz niyə mən yaşayım?
Soldu bu gün gülüm mənim.
Gəlib, sən, apar məzarima,
Al canımı ölüm mənim.

Dərd məni bax qucaqlayır,
Sevin, məni dərddən ayır.
Qara günə söz ağlayır,
Ah bu qara bəxtim mənim.

Bu dünyanı mən sevmişəm,
O dünyada evim mənim.
Gəlib gündüz keçər gecəm,
Bir gün onsuz mən gedəcəm.

Gəlib, sən, apar məzarıma,
Al canımı ölüm mənim.
Həsrət ilə gözlər məni,
O dünyada gülüm mənim.

25/06/2009 Posted by | seir | Yorum yapın

RAMİN ABBASZADƏ

1b61.gif

Səssizcə boğuldum qaranliqlarda

Yalnizliqlar çəkdi sukuta məni

Nə gozəl unutdun sevqi ilgarin!

Keşkə xəyalinda unuda məni

Gecədir gumanim kuçələrə var

Şeyirlə kuçənin beynin yeyirəm

Ulduzlardan ilham alib ,sevgilim

Gözlərin şryirin , yazib deyirəm :

Təbriz polisi tək , vəhşi gözlərin

Azad urəyimin , həbsxanasidir

Ceyran gözləri tək qəmli gözlərin

Xəyalli dünyamin , al anasidir

Bilmirəm neçə il səhərə qalir

Qara taleyimdən qadalar yağir

Dəli şrytan deyir sevirsən əgər

Sevmək ürək istər susmadan bağir

Istərəm toxunam sukuta amma

Qorxuram ünümə , ün verməyəsən

Kuçələrdə səfil-sərgərdan olmuş

Qəlbimin toyuna sön verməyəsən

19/06/2009 Posted by | seir | Yorum yapın

TAHİR TALIBLI

tahir t

Hər şeyi unutmaq olar

Hər şeyi unutmaq olar
Uca tanrının adına
Aldanıb yaşamaq olar
Bir ölümün umuduna

Dünya,kimdi əndirdiyin
Kimdi köntöy dindirdiyin
Kimdi yenə mindirdiyin
Bir dəlisoy cin atına

Sular dəyə-dəyə gedir
Daşı döyə-döyə gedir
Adam gizlənməyə gedir
Bəlkədə torpaq altına

17/06/2009 Posted by | seir | Yorum yapın

XƏZƏNGÜL

xezengul

Çal indi

Tel-tel etdin a telli saz qəlbimi,
O mizrabın, bu ürəyim çal indi.
Fırtınamı, şahə qalxan seldimi,
Hisslərimin əllərində qal indi.

Vulkanlaşıb içim, çölüm püskürür,
Dolan gözüm, dumanlaşıb sis görür.
Vaxtsız ölən ümüdlərim yas qurur,
Bu matəmdən al payını al indi.

Hər mizrabda dirilirəm,ölürəm,
Göz yaşımı gizli-gizli silirəm.
Dərdləşirəm dərdi sənlə bölürəm,
Dərd əlindən hönkürəcək dil indi.

Ömür keçir ha gözlədim payım yox,
Hey axtardım tapammadım tayım yox.
Nə dənizim, nə gur axan çayım yox,
Çək mizrabı ağlayacaq tel indi.

Ürəyimin başı nədən göynədi?
Yer üzündən könlüm doydu Göy dedi.
Müjdə verən müjdəsini qıymadı,
Gəl, gəl demir o uzanan yol indi.

A telli saz tellərimi yolummu?
Yol axtaran dəli dərviş olummu?
Qollarımı kəşkül edib çalımmı?
Qorxuram ki, odsuz yanar qol indi.

Mizrabınla qollarıma toxunma,
Od çilənər vücuduma, yaxama.
Xəzangülüm gəlib girər yuxuma,
Boynu buruq, qəlbi qırıq ol indi,
O mizrabın, bu ürəyim çal indi…

17/06/2009 Posted by | seir | Yorum yapın

FÜZULİ SABİROĞLU

fizuli sabir oglu

LƏKƏ

…Yenə həmin qarlı düzənlik idi. Dostu ondan iki addım aralıda əlləri ilə qarnını tutub, ağrıdan qovrula-qovrula qışqırırdı. Onun hər qışqırtısına qarşı tərəfdəki düşmən səngərlərindən atəşlə cavab verirdilər. Dostunun yarasından axan isti qan buğlana-buğlana təzəcə yağmış yumşaq qara hoparaq iri, qırmızı bir ləkə əmələ gətirmişdi. O isə əlləri və ayaqları keyimiş kimi, uzandığı yerdən dəhşətli ağrıdan qovrulan dostuna, bir də getdikcə böyüyən və böyüdükcə də ona daha da yaxınlaşan qırmızı ləkəyə baxırdı.
Dostu qanlı əlini ona doğru uzadıb, inilti ilə:
-Mənə kömək elə, ölürəm…-deyirdi.
…Qan ləkəsi isə getdikcə böyüyür, böyüyürdü. İndi bu qırmızı ləkə ağappaq düzənlikdə tənha adaya bənzəyirdi. Ona elə gəlirdi ki, əgər bu vahiməli adaya çıxıb, dostuna kömək eləmək istəsə bir daha oradan geri dönə bilməyəcək. «Ada» isə getdikcə böyüyür və ona daha da yaxınlaşırdı.
-Qurban olum, məni qoyub getmə…-yenə də dostunun yalvarış və ağrı dolu harayını eşitdi.
…O qaçırdı. Başının üstündən, sağdan və soldan keçən güllələrə məhəl qoymadan qaçırdı. Birdən ona elə gəldi ki, qan-tərə batıb taqətdən düşmüş olsa da, bayaqkı yerdən bircə addım da olsun uzaqlaşa bilməyib. Getdikcə heydən düşən ayaqlarını güclə tərpədirdi. Özündən ixtiyarsız gözləri ayaqlarına sataşdı və dəhşətdən az qaldı ki, bağırsın. Nə illah elədisə səsi çıxmadı. Ayaqları tamam yalın idi. Yerdəki qar isə ağappaq saqqızamı, yapışqanamı dönərək ona hərəkət eləməyə imkan vermirdi. Qaça bilməcəyini anlayıb dayandı. Ətrafa tam sakitlik çökmüşdü. Nə güllə səsləri, nə də dostunun iniltisi eşidilirdi. Dönüb arxaya baxdı. Dostu elə bayaqkı yerdə-onun iki addımlığında, işıq şüası kimi şəffaf iplərlə göydən asılmış ağlığı göz qamaşdıran bir nənnidə uzanmışdı. Qan ləkəsi yoxa çıxmışdı. Hər tərəf tər-təmiz, ağappaq idi. Təkcə dostunun yarasının üstünə kimsə bir dəstə qırmızı qərənfil qoymuşdu. Hansısa gözəgörünməz bir əl nənnini asta-asta yırğalayır, yırğaladıqca da zəif və yanıqlı səslə layla deyirdi. Ancaq bu layla ağıya, oxşamaya daha çox bənzəyirdi. Səs nə qədər zəif, taqətsiz olsa da o, bu səsi o saat tanıdı. Dostunun anasının səsiyidi bu. «Lay-lay, lay-lay, körpəcə balam lay-lay…»
Pulemyotların taqqıltısı ananın hüzünlü səsini eşidilməz, etdi. Ağ nənni də, dostu da ananın laylaya bənzər ağısıyla bərabər güllə səslərində əriyib yoxa çıxdılar.
…O, qaçırdı. İndi arxadan gələn pulemyot taqqıltıları, silah səsindən daha çox insan qəhqəhəsinə bənzəyirdi. O isə çabalaya-çabalaya, necə olursa olsun bu istehzalı və alçaldıcı qəh-qəhələrdən uzaqlaşmaq, canını qurtarmaq istəyirdi. Ancaq nə qədər qaçsa da, bu əcayib səslər uzaqlaşmaq əvəzinə, onu haxlayıb gah qulaqlarının içinə dolaraq başını, bədənini ağırlaşdırır, gah da sifətinə, əllərinə, ayaqlarına yapışaraq qaçmasına mane olurdu. Birdən haradansa ağlına gəldi ki, bu yuxudur. Bu saat gözlərini açacaq və bununla da bütün bu əzablarına son qoyulacaq.
Gözlərini açdı. Başında yenə də dəhşətli ağrı var idi. Elə bil ki, bayaq beyninə dolmuş səslər özlərini ora-bura çırparaq çıxmağa yer gəzirdilər. Hər tərəf qıpqırmızı idi. Fikrini cəmləyib, harada olduğunu ayırd etməyə çalışdı. Ətrafdakı əşyaların tanış görkəmi və otaqdakı havanın güclə sezilən doğma qoxusu yavaş-yavaş huşunu özünə qaytarırdı. Nəhayət öz evlərində olduğunu anlayıb bir az sakitləşdi. Stolun üstündə yanan gecə lampasının işığı, ətəyi yarıya qədər qaldırılmış ipək gərdəyə düşərək otağın bir hissəsini qırmızı rəngə boyamışdı. Ağrıları hələ tamam sakitləşməmiş başını ehtiyyatla yastıqdan qoparıb yerinin içində oturdu. Üzü divara yatmış qız, zəif səslə inləyərək arxası üstə çevrildi. Bu qırmızı gərdəyin nə, yanındakı qızın isə kim olduğunu yavaş-yavaş xatırlamağa başladı. Dünən gecə toy adamları dağılışandan sonra, əvvəl gəlinin, sora da özünün necə həyacanla bu otağa girmələri, qapını açarla içəridən bağlaması yadında idi.
Ancaq sonra nə olmuşdu? Xatırlaya bilmirdi. Bundan sonra yaddaşındakı güllə səsləri, getdikcə böyüyüb onu vahimələndirən qan ləkəsi, bir də balasını itirmiş bir ananın ürək parçalayan naləsi idi. Vəssalam!
Gözlərini bərk-bərk yumub xeyli ətrafa quluq kəsildi. Tam sakitlik idi. Bayaqdan başında özlərini ora-bura çırpıb ona əzab verən səslər də sanki yorularaq beyninin qırışlarında yuxuya getmişdilər.Yuxuda gördüklərini bir də yadına saldı. Əslində yuxusu həqiqətə-dörd il əvvəl baş verənlərə çox oxşayırdı. Təsadüfən azıb düşmən səngərlərinə yaxınlaşmaları, dostunun yaralanması, o qan ləkəsi və əzab, yalvarış dolu harayla ondan kömək istəyən dostunu qoyub qaçması bu dörd ildə onu yuxuda da, həyatda da qarabaqara izləyən dəhşətli həqiqətlər idi. Ancaq bundan sonrası yuxu idi. Həyatda baş verənlərin zərrələrindən və qırıntılarından onun daxili sarsıntıları fonunda yaradılmış dəhşətli bir şey idi bu. Hər dəfə də qaçdığı andan sonranı yuxuda başqa cür görürdü. Əslində sonra nə baş vermişdi onun özü də indiyə qədər xatırlaya bilmirdi. Həmişə də xatırlamağa çalışanda ona elə gəlirdi ki, yaddaşının bu hissəsinə eyni ilə o qan ləkəsinə bənzər bir ləkə düşüb və dəhşətli hadisənin davamını onun üçün müəmmaya çevirib. İndi o ləkə yenə də üzə çıxaraq bu gecə nə baş verdiyini yadına salmağa imkan vermirdi.
Çevrilib qızın üzünə baxdı. Çatılmış qaşlarından, gözəl çöhrəsindən qəm-qüssə tökülürdü. Ona elə gəldi ki, qız yuxuda ağlayır. Onu oyatmamaq üçün ehtiyyatla çarpayıdan düşüb şalvarını və köynəyini əyninə keçirdi və qapını açıb yan otağa keçdi. Böyük bacısı ilə gəlinin əmisi arvadı-yengə bir-birinə qısılaraq divanda oturduqları yerdəcə yuxuya getmişdilər. Divardan asılmış qundağı qırmızı lentli qoşalülə ov tüfəngini götürüb eyvana çıxdı.
Səhərin açılmasına az qalırdı. Gecədən xeyli keçənə qədər bəyin gülləsinin açılmasını gözləyə-gözləyə yuxuya getmiş kənd dan üzünün sükutunu pozan gurultuya və bu gurultudan diksinib ulaşan itlərin səsinə oyandı.
O qaçırdı…
Kəndin başının üstündən ağappaq boş bir nənni asılmışdı…

16/06/2009 Posted by | hekayə | Yorum yapın

Takip Et

Get every new post delivered to your Inbox.